"Kişinin sözü" iki olar! | Müsahibə
// Məşhir filmimizin ikinci hissəsinin ssenarisi yazılır
- Birinci filmlə mövzu baxımdan yaxınlıq olacaq, yoxsa tamami ilə fərqli şeyləri əhatə edəcək?
-Təbii ki, oxşarlıq olacaq. Söhbət kişi sözündən gedir. Bu gün kişi sözü aktualdır. Ona görə də davamını çəkməyə qərar verdim. Filmdə “Qasım”ın papağını başına qoyan uşaq mənim oğlum, rejissor Elnur Mehdiyev idi. İndi o yenə də “Qasım”ın “kepka”sını başına taxıb hadisələrin davamçısı olacaq.
- Niyə məhz bu mövzuya müraciət etdiniz? Nədən qaynaqlandı?
- İndi bizim prezident İlham Əliyevdən başqa kişi sözünə əməl edən ikinci bir adam yoxdur. Sözünü deyir və əməl edir. Belə adamlar nadir hallarda olur. “Kişi sözü” filmində bir epizod var: “Qasım” xoruzu göstərib deyir: "Xoruz. Cinsi kişidir. Əbəs yerə banlamaz”. Ermənistanın baş naziri Paşinyan isə əksinə xoruz kimi banlayır, ancaq ortalıqda bir şey yoxdur. Sözü əməli ilə uyğun gəlmir.
- Filmin rejissoru kim olacaq?
- Çox guman ki, rejissor oğlum Elnur Mehdiyev olacaq. Ondan başqa bu postda heç kimi görmürəm. O, “Hacı Qara” filminin həm quruluşçu rejissoru, həm də baş rolun ifaçısı idi. Bu filmdə də ənənəni davam etdirəcəyik.
- Yanvar ayında 74 yaşa qədəm qoydunuz. Yeni yaş sizə nə vəd edir?
- Özümü normal hiss edirəm. Beyin günü-gündən daha da püxtələşir, daha da yaxşı olur. Fiziki mənada bir qədər zəiflik əmələ gəlirsə, amma beyin daha da yaxşı işləyir. Mənim yaşım var-dövlətimdir.
- 2011-ci ildən Milli Olimpya Komitəsində çəkiliş qrupunun rəhbəri kimi çalışırsınız. Bununla bağlı işlər nə yerdədir?
- Davam edir. Rəhbərlik edirəm. İdmanla bağlı yaxşı filmlər çəkmişik. Mən əməkdar məşqçiyəm. İdmanla məşğul olmuşam. Məşqçi kimi dünya çempionu hazırlamışam. İdman mənim yaradcılığımın ayrılmaz hissəsidir.
- Bəs indi necə, idmanla məşğul ola bilirsinizmi?
- İndi ağır idmanla yox, bədən tərbiyyəsi ilə məşğul oluram. Bu yaşda naliyyətlər əldə etmək çox çətindir.
- Həm də nəvə ilə oynayan vaxtınızdır. 5 nəvəniz, 3 nəticəniz var.
- Nəvələr mənim üçün ən böyük xoşbəxtlikdir, ən böyük nemətdilər. Amma tam xoşbəxt olmaq üçün bəzi şeylər var ki, çatmır. Bəlkə, o arzuma da yetdim. Bu şəxsi həyatımdakı bəzi arzularla bağlıdır. Ailə və səmimi dostluq çox vacib anlayışlardır. Mən bu prinsiplə yaşayıram.
- Ətrafınızda kişi sözünə əməl edən dostlar varmı?
- Xeyirxahlıq və ruh eqoizm və nəfsdən üstündür. Sivilzasiya bunun üzərində qurulub. Əgər bir adam yaxşılığa gedən yolda fəaliyyət göstərirsə, dövlətini, ailəsini sevirsə, məhəbbəti, sevgini, eşqi hər şeydən üstün tutursa, mənim səmimi dostumdur.
- “Kişi sözü” filmindəki tərəf-müqabiliniz, aktrisa Sənubər İsgəndərli ilə əlaqəniz varmı?
- Televiziyada, küçədə qarşılaşırıq. Elə bil ki, vaxt dondurulub. Münasibətimiz həmişə olduğu yerdən davam edir. Filmin ikinci hissəsində ona da rol verəcəm.
- Bəs özünüz necə, hazırda filmə çəkilirsinizmi?
- Çəkilmirəm. Yaxşı ssenari olsa, əlbəttə, çəkilərəm. Zəif filmə çəkilib olub olmayan adımı da korlamaq istəmirəm.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: